Respublikamızda ilk dəfə 1999-cu ildə prof. K.Q.Sanicalinskayanın rəhbərliyi ilə dərc olunmuş “Kriminalistika” dərsliyinin yenidən işlənmiş, əlavə və dəyişikliklər edilmiş 2-ci nəşri olan bu dərslikdə kriminalistika elminin, cinayətkarlıqla mübarizə təcrübəsinin müasir vəziyyəti əks etdirilmişdir. Müəlliflər müasir əməliyyat-axtarış, ibtidai araşdırma və məhkəmə təcrübəsinin ehtiyaclarını nəzərə almaqla ali məktəblərin hüquq fakültələri üçün nəzərdə tutulmuş kriminalistika kursu üzrə proqramın tələblərinə uyğun olaraq kriminalistik metodologiya, kriminalistik texnika, kriminalistik taktika və cinayətlərin istintaqının kriminalistik metodikasının ayrı-ayrı məsələlərinin ənənəvi və qeyri-ənənəvi metod və vasitələrini ətraflı şərh etmişlər. Dərsliyin yenidən işlənilməsi zamanı kriminalistika elminin yeni nailiyyətləri, eləcə də ölkə qanunvericiliyində baş vermiş ən son dəyişikliklər nəzərə alınmışdır.
Dərslik hüquq fakültələrinin tələbələri, polis, dövlət təhlükəsizlik xidməti, dövlət sərhəd xidməti və gömrük akademiyalarının müdavimləri, müəllimlar, tadqiqatçılar, məhkəmə ekspertizası idarələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur.